Sorğu
Cəzaçəkən şəxslərin aztəminatlı ailələrinə sosial yardım fondunun yaradılması vacibdirmi?

yox
bilmirəm


Cənubi Qafqazda azadlıqdan ömürlük məhrumetmə cəzası

PDF
Partnyorlarımız




















 
 
İtaliyada yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq
İtaliyada yetkinlik yaşına çatmayanlar arasındakı cinayətkarlığın müasir tendensiyaları özünəməxsusluğu ilə seçilmir, şimal yarımkürəsindəki ölkələrin böyük əksəriyyətində yetkinlik yaşına çatmayanlar arasındakı cinayətkarlığa xas olan xüsusiyyətlərə malikdir. Müasir İtaliyada yetkinlik yaşına çatmayanlar arasındakı cinayətkarlığın keyfiyyət göstəriciləri sırasında zorakı cinayətlərin və narkotiklərlə bağlı cinayətlərin, eləcə də miqrantlar və qadınlar tərəfindən törədilən cinayətlərin sayının artmasını göstərə bilərik. Zorakı cinayətlərin 1980-ci illərin sonuna olan göstəriciləri polis tərəfindən qeydə alınan hazırkı göstəricilərdən üç dəfə aşağı idi.
Bir sıra digər cinayət növləri kimi, soyğunçuluq da, vətəndaşlar üçün “təhlükəlilik/təhlükəsizlik” meyarına görə İtaliya ərazisini “şimal” və “cənub”a ayıran faktorlardandır: cənubda 100000 nəfər yetkinlik yaşına çatmayana 50, şimal vilayətlərində 35 və mərkəzi vilayətlərdə 44 soyğunçuluq hadisəsi düşür. Ənənəvi olaraq qətllərin böyük əksəriyyəti ölkənin cənub regionlarının payına düşür: məsələn, Siciliya, Kalabriya, Piqliyada 100000 nəfər 14-17 yaşlı yetkinlik yaşına çatmayana ildə beş qətl hadisəsi düşür. Bu, analoji göstəricisi 0,5 olan Lombardiya, Marke, Umbriya, Moliza kimi bəzi şimal və mərkəzi vilayətlərindəkindən on dəfə çoxdur.
Zorakı cinayətlərin artımı narkotiklərlə bağlı cinayətlərin (satma, saxlama və s.) sayının artması ilə paralel gedir. 1990-cı illərin əvvəllərində 100000 nəfər 14-17 yaşlı yetkinlik yaşına çatmayan tərəfindən narkotiklərin yayılması ilə bağlı 50 cinayət törədilirdi. 1990-cı illərin sonunda bu göstərici artıq 100-ü keçdi. Özü də yetkinlik yaşına çatmayanların oxşar cinayətlərdə iştirakı daha çox ölkənin mərkəzi və şimali vilayətlərinə xasdır.
Gənc cinayətkarın sosial siması da dəyişir. Hazırda bu daha çox miqrantlar və qızlardır. Statistika göstərir ki, 1991-1998-ci illər arasında gənc əcnəbilər tərəfindən törədilmiş zorakı cinayətlərin sayı 18%-dən 26%-ə qədər artıb. Yetkinlik yaşına çatmayan hüquq pozucularının əksəriyyəti keçmiş Yuqoslaviya ölkələrindən olan mühacirlər, qaraçı və rumın əsilli gənclərdir. Yetkinlik yaşına çatmayan hüquq pozucularının digər böyük bir qrupunu Mərakeş və Albaniyadan olan yeniyetmələr təşkil edir.
Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərin 36%-i qızların payına düşür. Özü də italyan qızların payı burada 14%-dir. Hüquq pozucusu olan qızların da əksəriyyəti miqrantlardır. Onu da qeyd etmək lazımdır ki, yetkinlik yaşına çatmayanların çoxu cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə (yəni 14 yaş) çatmayıb, buna görə də cəzalandırılır. Yetkinlik yaşına çatmayanların qeydə alınan cinayətləri və onlar barəsindəki məhkəmə araşdırmaları arasında kəskin fərq bununla izah olunur.

Kriminal şəraitin səbəbləri
Kriminoloji tədqiqatlar göstərir ki, dünyanın bir sıra ölkələrində işsizliyin səviyyəsi və əhalinin iqtisadi rifah səviyyəsi ilə qətllərin sayı arasında asılılıq var. Həqiqətən də İtaliyanın cənub regionlarındakı sosial həyatın fərqləndirici xüsusiyyətlərinə yerli əhalinin zorakılığa yüksək dözümlülüyü ilə tamamlanan işsizlik və yoxsulluğun yüksək səviyyəsi aiddir.
Zorakı cinayətkarlığın və immiqrantlar tərəfindən törədilən cinayətlərin artmasını şərtləndirən başqa bir faktor kimi mütəşəkkil cinayətkarlıq göstərilir. Mütəşəkkil cinayətkarlığın (mafiya) daha çox İtaliyanın cənubunda inkişaf etməsinə, mühacirlərin isə daha çox ölkənin şimalı və mərkəzində cəmləşməsinə baxmayaraq, onların arasındakı bağlılıq təcrübə ilə təsdiq edilir. Doğrudan da, yetkinlik yaşına çatmayanların mütəşəkkil cinayətkarlığa cəlb edilməsi daha çox cənub vilayətlərinə - Kampaniya, Kalabriya, Piqliya və Siciliyaya – xasdır. Ölkənin Romaya bitişik olan cənub vilayətlərində aparılmış tədqiqatın nəticələrinə əsasən, burada yetkinlik yaşına çatmayanlar mafiyanın təsirindən daha zəif qorunur, mafiyanın qayda və idealları ilə razılaşmağa, özlərini və gələcək yaşam tərzlərini mütəşəkkil cinayətkarlıq sahəsində görməyə daha yaxındırlar.
İtaliya ədliyyə Nazirliyinin Yuvenal ədliyyə departamenti tərəfindən 1998-ci ildə aparılmış tədqiqat göstərir ki, cinayətkarlığın artımının bu mexanizmi ölkənin şimal regionlarında da mövcuddur. Cənubdan fərqli olaraq, şimalda yetkinlik yaşına çatmayanlar mütəşəkkil cinayətkarlığa əsasən narkotiklərin yayılması sahəsində cəlb olunublar. Yetkinlik yaşına çatmayanlar arasında keçirilən sorğunun nəticələrinə əsasən ölkənin şimal hissəsindəki respondentlərin 94%-i nə vaxtsa narkotikləri saxladıqlarını və ya yaydıqlarını göstərmişlər, eyni zamanda onların cənublu həmyaşıdlarının yalnız 25%-i bununla məşğul olsa da, soyğunçuluq, hədə-qorxu ilə tələb etmə, silahda qanunsuz istifadə edilməsində daha çox iştirak etmişlər.
Yuxarıda qeyd edildiyi kimi, Avropa Şurasının üzvü olmayan dövlətlərdən - əsasən keçmiş Yuqoslaviyadan, Mərakeş və Albaniyadan olan mühacirlərin sayına görə Avropa ölkələri arasında lider dövlətlərdəndir. Onların həyatı ağır şəraitdə keçir: yoxsulluq, zəif sosial əlaqələr və ya onların heç mövcud olmaması, natamam ailələr, məktəbdəki problemlər. Mühacir gənclər cinayətkarlıq tərəfindən istismardan daha az qorunurlar (məsələn, narkotik alverində iştiraka təhrik edilmə), həm də polis və yuvenal ədliyyənin diqqətini daha çox cəlb edirlər. Başqa sözlə, yetkinlik yaşına çatmayan mühacirlərin cinayətkar fəaliyyətə cəlb edilmək, tutulmaq, məhkum edilmək və qapalı müəssisələrə göndərilmək ehtimalı, onların italyan həmyaşıdlarına nisbətən daha çoxdur. Barbalinin tədqiqatı göstərir ki, supermarketdəki oğurluğa görə italyan olmayan yeniyetmənin tutulma və mühakimə edilmə ehtimalı italyan yeniyetməyə nisbətən iki dəfə çoxdur.

Yuvenal ədliyyənin “italyan modeli”
Müasir İtaliya yuvenal ədliyyəsinin tarixini beş mərhələyə ayırmaq olar.
İlk mərhələ (1934-1956-cı illər) yetkinlik yaşına çatmayan hüquq pozucularının cəzalandırılması prinsipi əsas yer tutur ki, buna əsasən də yeniyetmələrin cəzalandırılması ədalət mühakiməsinin ayrılmaz tərkib hissəsini təşkil edir və yeniyetmənin özü və cəmiyyətin digər üzvləri tərəfindən yeni hüquqpozmalar törədilməsinin qarşısını alır. Birinci mərhələnin sonunda İtaliyada yuvenal məhkəmələr açılır. İkinci mərhələ (1956-1960-cı illərin ortaları) humanist mərhələ kimi qiymətləndirilir və yetkinlik yaşına çatmayanların reabilitasiyası fikirləri hakim mövqeyi ilə fərqlənir. İkinci mərhələnin başlanğıcı 1956-cı ildə milli sosial siyasətdə və sosial müəssisələrin infrastrukturunda islahatları nəzərdə tutan bir sıra qanunvericilik aktlarının qüvvəyə minməsindən hesablanır. Üçüncü mərhələ (1960-cı illərin sonu -1980-ci illərin əvvəli) qanunvericilikdə ailə siyasəti sahəsində yetkinlik yaşına çatmayan hüquq pozucularına inzibati təsir tədbirlərinin tətbiqinin üstünlüyünü nəzərdə tutan dəyişikliklərlə səciyyələnir. Dördüncü mərhələ 1977-ci ildə yeni qanunun qəbulu, əhalinin sosial müdafiəsi sahəsində islahatlar və inzibati hakimiyyət orqanlarının mərkəzə tabeçiliyinin aradan qaldırılması ilə başlayır. Göstərilən dəyişikliklər yetkinlik yaşına çatmayanlara münasibətdə reabilitasiya tədbirlərini gücləndirmiş və onlara fərqli çalarlar vermişdir. 1977-ci ildən etibarən bələdiyyələr yerlərdə özlərinin yerli sosial xidmətlərini inkişaf etdirməyə başlamış, yetkinlik yaşına çatmayanlarla işi yenidən yaradılmış qurumların ayrıca fəaliyyət istiqaməti təsbit etmişdir. Qanunvericilikdəki dəyişikliklər təcrübədə də öz təsbitini tapdı: yetkinlik yaşına çatmayan hüquq pozucuları ilə reabilitasiya işini təkcə məhkəmələrin sosial xidmətləri deyil, həm də bələdiyyələrin ailə ilə işləyən sosial xidmətləri həyata keçirməyə başladı. Beşinci mərhələ 1988-ci ildə yuvenal ədliyyə institutlarının müasir quruluşunu təsbit edən İtaliyanın yeni Cinayət məcəlləsinin qəbulu açılmışdır.
Müasir İtaliya yuvenal ədliyyəsinin strukturuna yuvenal məhkəmələr, prokurorluq, məhkəmə sosial xidmətləri və penitensiar müəssisələr daxildir. Bu qurumların hamısı Ədliyyə Nazirliyinə tabedir və bu sahədə çalışan digər qurumlarla – polis, bələdiyyə sosial xidmətləri, qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edirlər. Hazırda 29 yuvenal məhkəmə, 29 prokurorluq və bir o qədər də məhkəmə sosial xidməti mövcuddur. Bütün qurumlar ənənəvi olaraq, bir binada yerləşir.
Bir sıra digər ölkələrdə olduğu kimi, İtaliyada da yuvenal məhkəmə peşəkar hakimlərdən və onlara yardım edən müəyyən sayda məhkəmə iclasçılarından ibarət tərkibdə formalaşdırılır. Məhkəmə iclasçıları müntəzəm olaraq, ekspertlərdən və uşaq və yeniyetmələrlə işləyən psixologiya, kriminologiya, sosiologiya, psixiatriya kimi sahələrin nümayəndələrindən ibarət tərkibdə seçilir. Adətən məhkəmə iclasçılarının tərkibi üç ildən bir dəyişir.
Yuvenal məhkəmələr mülki, cinayət və inzibati işlərə baxırlar. İtaliyada cinayət məsuliyyətinə cəlb etməyə imkan verən minimum yaş həddi 14-dür. 14 yaşına çatmayan şəxslər, qanunvericiliyə əsasən öz əməllərinə görə cinayət məsuliyyəti daşımırlar. Cinayət məsuliyyətinə yalnız 14 yaşına çatmış və məhkəmə tərəfindən “tam anlaqlı” sayılan şəxslər cəlb edilə bilər. İnzibati məsuliyyət 18 yaşınadək olan yetkinlik yaşına çatmayan şəxslərin cinayətəqədərki, “sosial-dezadaptasiya” xarakterli davranışına şamil edilir. Yetkinlik yaşına çatmayan şəxs inzibati məsuliyyətə cəlb edilərkən məhkəmə onu sosial reabilitasiya xidmətlərinin nəzarətinə verə və ya tərbiyə müəssisəsinə göndərə bilər. Lazımi ailə nəzarəti və himayəsi almayan və ya istənilən səviyyədə valideyn qayğısı görməyən 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların müdafiəsi ilə bağlı mülki iş açılır. Bu halda məhkəmə, yetkinlik yaşına çatmayan şəxsin valideynlərdən müəyyən müddətə və ya daimi alınmasını və onun başqa ailəyə yaxud internat müəssisəsinə göndərilməsi məsələsini həll edir.
Cinayət barədə məlumat prokurorluğa vətəndaşlardan, polisdən və bələdiyyə sosial xidmətlərindən daxil olur. Məhkəmə araşdırması təşəbbüsü prokurordan gəlir. İtaliya qanunvericiliyinə əsasən, məhkəmə yetkinlik yaşına çatmayana münasibətdə dörd növ təsir tədbiri tətbiq edə bilər ki, bunlardan da üçü azadlıqdan məhrumetmə növündə cəzaya alternativdir. Yuvenal məhkəmə, bir qayda olaraq, yetkinlik yaşına çatmayanı həbsxanaya göndərməməkdən ötrü alternativ tədbirlərdən istifadə edir. İlk tədbir – hüquqpozmanın əhəmiyyətsiz, cüzi sayılmasıdır. İkincisi, məhkəmə tərəfindən bağışlanılmadır (şəxs iki ilə qədər müddətə azadlıqdan məhrumetməyə məhkum edildikdə və onun təkrarən cinayət törətməyəcəyi ehtimal edildikdə). Bu tədbirin tətbiqi yetkinlik yaşına çatmayanın işinin, o 21 yaşına çatanadək xüsusi komissiyanın nəzarətində qalır. Yeni 1988-ci il Cinayət prosessual məcəlləsi ilə təsbit edilmiş üçüncü təsir tədbiri isə, “məhkəməyəqədərki sınaq müddəti (probasiya)”dır.
İtaliya probasiya xidmətinin özünəməxsus cəhətləri var və o digər ölkələrin eyni tipli qurumlarından fərqlidir. İtaliyada probasiya sadəcə olaraq, yetkinlik yaşına çatmayan şəxs barəsində məhkəmə araşdırmasının müəyyən müddətə dayandırılmasını nəzərdə tutur. Bu sınaq müddəti ərzində (adətən 8 aylıq) yetkinlik yaşına çatmayan şəxs bir çox hallarda yerli kilsə tərəfindən təşkil edilən reabilitasiya və təhsil proqramları və layihələrində iştirak etməlidir. Qeyd etmək lazımdır ki, “məhkəməyəqədərki probasiya” tədbiri bütün növ cinayət işləri, o cümlədən qəsdən adam öldürmə ilə bağlı cinayət işləri ilə əlaqədar da tətbiq edilir. “Məhkəməyəqədərki probasiya” proqramları məhkəmə sosial xidmətləri tərəfindən tərtib edilir və elə onlar da bu proqramların həyata keçirilməsinə nəzarət edir, bir sıra hallarda isə bu bələdiyyə sosial xidmətləri ilə birgə həyata keçirilir. Anqlo-amerikan ədalət mühakiməsi sisteminə malik ölkələrdən, eləcə də Fransa və Almaniyadan fərqli olaraq, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri kimi cərimə nadir hallarda tətbiq edilir. Ziyanın və ya zərərin ödənilməsi qanunda nəzərdə tutulsa da, çox nadir hallarda tətbiq edilir. Məhkəmə hesabatları göstərir ki, hər il yetkinlik yaşına çatmayanın işlərinin 30-40%-i “məhkəmə tərəfindən bağışlanma” ilə, cəmi 6%-i isə “probasiya”nın tətbiqi ilə nəticələnir (bu nisbət ildən ilə artır). “Probasiya”nın daha geniş tətbiqi bir çox faktorlarla, o cümlədən sosial xidmət infrastrukturunun, xüsusilə ölkənin yoxsul regionlarında inkişaf etməməsi ilə bağlıdır.
Beləliklə, məhkəmə yetkinlik yaşına çatmayan hüquq pozucusuna yuxarıda göstərilən təsir tədbirlərini tətbiq edə bilmədikdə, onları azadlıqdan məhrumetməyə məhkum edir. Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisələr sistemi yetkinlik yaşına çatmayanların müvəqqəti saxlanılması üçün 25 mərkəzdən və yetkinlik yaşına çatmayanlar üçün 17 həbsxanadan ibarətdir. Müvəqqəti saxlanma mərkəzlərində yetkinlik yaşına çatmayanlar həbs edildikdən sonra işin araşdırılması və işə məhkəmədə baxılmasına qədər bir neçə gün ərzində saxlanır. Statistik məlumatlara görə, İtaliya həbsxanalarına hər il 2000 yetkinlik yaşına çatmayan şəxs göndərilir. Yetkinlik yaşına çatmayan şəxsin həbsxanada qalmasının orta müddəti 5 aydır. Buna görə də ölkə həbsxanalarında hər gün 500 yetkinlik yaşına çatmayan məhkum olur ki, bu da İtaliyanı Qərbi və Mərkəzi Avropa dövlətləri arasında yetkinlik yaşına çatmayan məhkumların sayına görə ən aşağı göstəriciyə malik ölkələrdən birinə çevirir. Ümumilikdə, 1990-cı illərin əvvəllərindən etibarən azadlıqdan məhrumetmə kifayət qədər sosial dayaq və qayğıya malik olmayan, bunun nəticəsində də narkotik alveri və ya qaraçı qızların etdiyi kimi xırda oğurluq və cibgirliklə məşğul olan yetkinlik yaşına çatmayan mühacirlərə tətbiq edilir. İtaliya qanunvericiliyinə görə, sosial dayağı olmayan mühacirlər 18 yaşına çatana kimi nə işləyə, nə də ölkədən deportasiya edilə bilər. Hüquq pozucusu olan mühacirlər üçün təcridetmə müəssisəsinə göndərmə demək olar ki, yeganə təsir tədbiridir, belə ki, ailə və yerli əhalinin dəstəyi olmadan “məhkəməyəqədərki probasiya”nın tətbiqi qeyri-mümkün və səmərəsiz sayılır. Əgər 1983-cü ildə yetkinlik yaşına çatmayan əcnəbilər həbsxana əhalisinin 30,7%-ni təşkil edirdisə, 1998-ci ildə bu rəqəm 53,2%-ə çatmışdır.
İtaliya yuvenal ədliyyəsində “Bərpaedici ədalət mühakiməsi”: zərərçəkmişin və təqsirkarın barışdırılması üzrə təcrübələr
Yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın artmasından, mövcud profilaktik proqramların səmərəliliyinin aşağı olmasından və ədalət mühakiməsi sisteminin işindən ictimaiyyətin narazılığı bərpaedici ədalət mühakiməsi uğrunda dünya hərəkatını yaranmasını şərtləndirdi. Bərpaedicilik prinsipi hüquqpozmanı yerli əhalinin ictimai həyatının bir simini qıran hadisə kimi qiymətləndirir. Ədalət mühakiməsinin əsas vəzifəsi insanların ictimai həyatının münaqişə nəticəsində pozulmuş ahəngini, qeyri-rəsmi nəzarət mexanizmlərinə arxalanaraq münaqişə tərəflərini barışdırmaqla, bərpa etməkdir. Bərpaedici yanaşma iki əsas komponentdən ibarətdir: mediasiya (zərərçəkmişin və təqsirkarın barışdırılması) və vurulmuş zərərin, ziyanın ödənilməsi. M. Rayta görə, mediasiya - zərərçəkmiş və təqsirkarın problemin müzakirəsi üçün üçüncü, qərəzsiz şəxsin (mediatorun) iştirakı ilə və ya təkbətək yaxud qiyabi şəkildə görüşməsi prosesidir. Mediasiyanın məqsədi – zərərçəkmiş şəxsə öz hisslərini və iddialarını ifadə etmək, hüquq pozucusuna isə, öz məsuliyyətini dərk və qəbul etmək imkanının verilməsindən ibarətdir. Təqsirkarın zərərçəkmiş qarşısında təqsirini etiraf etməsi, zərərçəkmiş şəxsin cinayət nəticəsində ona vurulmuş zərərin (fiziki, mənəvi) ödənilməsi hüququnun təmin edilməsinə kömək edir. Əgər zərərçəkmiş şəxs kompensasiya almaq istəmirsə, onu münaqişə tərəflərinin hər ikisinin yaşadığı yerin əhalisi ala bilər. Kompensasiya həm üzr istənilməsi, pul ödənişi, əşyaların qaytarılması və ya təmiri ilə bağlı işlərin görülməsi və xidmətlərin göstərilməsi, həm də hüquq pozucusunun könüllü olaraq reabilitasiya və təhsil proqramlarında iştirak formasında ola bilər.
1980-ci illərin əvvəllərindən etibarən, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Böyük Britaniya və digər Avropa ölkələrində sosial reabilitasiya, o cümlədən hüquq pozucusu və zərərçəkmişin barışdırılması ilə bağlı proqramlar uğurla həyata keçirilirdi. İtaliyada bu proqramlar 1990-cı illərin ortalarından etibarən, eksperiment formasında tətbiq edilməyə başlandı. A. Mestitsin qeyd etdiyinə görə, İtaliyanın müvafiq peşəkar dairələrində barışdırıcı ədalət mühakiməsinə maraq, hələ 1995-ci ildə Turində ilk Barışıq Mərkəzi (bundan sonra - BM) yaranmazdan öncə mövcud idi.
Barışıq Mərkəzində, yuvenal ədliiyədə barışdırıcı ədalət mühakiməsinin həyata keçirilməsi təcrübəsini şərh etməzdən öncə üç mühüm faktı qeyd etmək lazımdır. Birincisi: İtaliyanın müasir Cinayət prosessual məcəlləsi “mediasiya”nın həyata keçirilməsi üzrə xüsusi müddəalar nəzərdə tutmur. Ancaq onun bəzi müddəaları daima mediasiyanın həyata keçirilməsi üçün tətbiq edilir. İkincisi: Zərəçəkmiş şəxs və təqsirkar tanış olarsa və törədilmiş cinayət onların münasibətlərinə zərbə vurarsa və yetkinlik yaşına çatmayan şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilirsə, hakim və prokuror işin BM-nə göndərilməsi barədə qərar qəbul edirlər. Üçüncüsü: tərəfləri barışması prosedurunu müəyyən edən konkret normalar mövcud olmadıqda, hakimlə və prokurorlar müxtəlif qanunvericilik normalarına istinad edərək işi BM-ə göndərirlər.
Prokurorlar daha çox, məcəllənin “ibtidai araşdırma” və/və ya “məhkəmədə işə ilkin baxış” zamanı “yetkinlik yaşına çatmayanın şəxsiyyətinin qiymətləndirilməsi” ilə bağlı müddəasına istinad edərək, yetkinlik yaşına çatmayanın işini BM-ə göndərirlər. Prokurorun göstərişi ilə barışıq mərkəzləri “ibtidai araşdırma” aparırlar: yetkinlik yaşına çatmayanın ailəsini, onun yaxın ətrafını və dostlarını öyrənir. Məhkəmənin tapşırığı ilə məhkəmə sosial xidməti “yetkinlik yaşına çatmayan”ın şəxsiyyətinin qiymətləndirilməsi üzrə sosial araşdırma aparır yaxud bu araşdırmanın aparılmasını barışıq mərkəzinə sifariş edir. Qanunvericilik funksiyaların bu şəkildə həvalə edilməsini nəzərdə tutmur.
Beləliklə, barışıq mərkəzi, ona həvalə olunmuş “ibtidai araşdırma”nın nəticələri və ya “tərəflərin barışdırılması” prosedurunun nəticələri barədə prokurora, məhkəməyə və ya məhkəmə sosial xidmətinə məlumat verir. Tərəflər barışdıqda prokuror işə xitam verilməsi barədə qərar qəbul edir.
Hakimlər mediasiya və “ibtidai araşdırma”nın aparılması üçün işi barışıq mərkəzinə göndərərkən adətən “məhkəməyəqədərki probasiyaya göndərmə” ilə bağlı normaya istinad edirlər. Hakim işi məhkəmə sosial xidmətinə və/və ya barışıq mərkəzinə göndərə bilər. Xatırladırıq ki, prokurorlar hakimlərə nisbətən barışıq mərkəzinə işləri daha çox göndərirlər. Eyni zamanda məhkəmə sosial xidmətləri probasiya müddətində tətbiq edilən reabilitasiya proqramının tərkib hissəsi kimi, yetkinlik yaşına çatmayanı barışıq mərkəzinə göndərə bilər. Yetkinlik yaşına çatmayan şəxs probasiya müddətində həyata keçirilən reabilitasiya proqramı prosesində özünü yaxşı tərəfdən göstərərsə, hakim yetkinlik yaşına çatmayanın hüquqazidd davranışını əhəmiyyətsiz hesab edərək yetkinlik yaşına çatmayanın əfv edilməsi və ya işə xitam verilməsi barədə qərar qəbul edə bilər.
Hazırda İtaliyada səkkiz barışıq mərkəzi fəaliyyət göstərir: onlardan üçü ölkənin şimalında (Milan, Turin, Trento), üçü ölkənin cənubunda (Bari, Katandzaro, Foqliya), ikisi isə Sardiniya adasındadır. Onlardan dördü 1995-1996-cı illərdən mövcuddur. Hər bir barışıq mərkəzi bələdiyyələrin yanında nüfuza malik olan peşəkar yuvenal hakimlərin və məhkəmə sisteminin sosial işçiləri təşəbbüsü ilə yaradıldığı üçün bütün barışıq mərkəzləri ilk əvvəl yuvenal məhkəmənin binasında yerləşirdi. Bugün barışıq mərkəzlərinin əksəriyyəti ayrıca binada yerləşir ki, bu da onların məhkəmə sistemindın müstəqilliyini təmin edir. Bütün barışıq mərkəzləri bir neçə mənbədən (bələdiyyə, vilayət və region büdcəsindən) maliyyələşir, eyni zamanda İtaliya Ədliyyə Nazirliyinin Yuvenal Ədliyyə Departamentinin metodiki və təşkilati yardımını alır.
Barışıq mərkəzlərinin fəaliyyətinin statistikası göstərir ki, mediasiyanın keçirilməsi üçün hakimlər və prokurorlar tərəfindən barışıq mərkəzinə göndərilən yetkinlik yaşına çatmayanların işləri ildən-ilə azalır.

Barışıq mərkəzlərinin işlədiyi əsas qrup şəxsiyyət əleyhinə cinayət törətmiş 16-17 yaşlılardır.

Mülkiyyət əleyhinə cinayət törədənlərin qrupu ilə barışıq mərkəzinin işi (mediasiya, restitusiya) şəxsiyyət əleyhinə olan cinayət törədənlərin qrupu ilə işdən bir az daha səmərəli olub.

Barışıq mərkəzində mediasiya ilə məşğul olan bütün əməkdaşlar əsas işlərindən asudə vaxtlarında könüllülük əsasında işləyirlər. Aparılmış tədqiqatlara əsasən, mediatorların 42%-ni sosial xidmət işçiləri, 32%-ni hakimlər, 22%-ni isə yetkinlik yaşına çatmayanların işləri üzrə təcrübəyə malik olan mütəxəssislər (vəkillər, psixiatrlar və s.) təşkil edir. Meditorlar qrupunun sosial-demoqrafik tərkibinin analizi göstərir ki, barışıq mırkəzində işləyən meditorların yarıdan çoxu (56%) qadınlardır. Mediatorların əksəriyyəti gənclər (28-35 yaş – 62%), subaylar (58%), övladı olmayanlar (52%), bakalavrlar (68%), 3 ilədək mediatorluq təcrübəsinə malik olanlar (48%), işə başlamazdan öncə rəsmi şəkildə peşə hazırlığı və mediasiya keçirilməsi üzrə təlim keçmiş şəxslərdir (76%).

Ziddiyyətlər və problem məsələlər
Yeni sosial institut əvvəllər mövcud olan ziddiyyətləri daha da kəskinləşdirib və yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın profilaktikasının yeni problemlərini müəyyən edib. Bir tərəfdən yuvenal məhkəmələrlə məhkəmə sosial xidmətləri arasında digər tərəfdən isə, yuvenal məhkəmələrlə barışıq mərkəzləri arasında əks-əlaqənin olmaması problem məsələlərdəndir. Barışıq mərkəzinin yerli əhalinin “sosial sifariş”ini yerinə yetirməsinə və özünün fəaliyyəti barədə məhkəməyə məlumat verməsinə baxmayaraq, məhkəmənin yekun qərarı barədə heç bir məlumat almır. Qanunvericilikdə barışıq mərkəzinin fəaliyyətini tənzimləyən normalar olmadıqda, onun fəaliyyəti qeyri-rəsmi normalarla nizamlanır. Mediatorlar, hakimlər, prokurorlar, məhkəmə sosial xidməti işçiləri arasında qarşılıqlı əlaqə çox zaman onların şəxsi münasibətlərindən asılıdır.
İtaliyada barışıq mərkəzləri artıq 10 ildir ki, fəaliyyət göstərsə də, onlar hələ də yuvenal ədliyyədə cüzi yer tuturlar. Hazırda onların fəaliyyətinin qiymətləndirilməsinin vahid sistemi yoxdur. Residivi, barışıq mərkəzlərinin xidmətlərindən istifadə edənlərin razılığını, yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın regional xüsusiyyətlərini, sosial müəssisələr infrastrukturunun inkişafını qiymətləndirmə sistemi yoxdur.
İtaliya tədqiqatçılarının fikrincə, bu institutun sosial faydasından yalnız bu halların əsasında danışmaq olar: birincisi, barışdırmanın tətbiqi ənənəvi və çox mühafizəkar məhkəmə prosesində mədəni irəliləyişlərə rəvac verdi. İkincisi, barışıq mərkəzlərinin istintaqın və məhkəmə prosesinin tərkib hissəsini təşkil etməsi və onun fəaliyyətinin məhkəmənin qərarına bu və ya digər formada təsir etməsi ilə bağlı fikir ekspertlər və mütəxəssislərin əksəriyyəti tərəfindən qəbul edilib. Üçüncüsü, barışıq mərkəzləri yuvenal ədliyyənin perspektivli institutlarındandır. Barışıq mərkəzləri, barələrində yalnız azadlıqdan məhrumetmənin tətbiq edildiyi, hüquq pozuntusu törətmiş yetkinlik yaşına çatmayan mühacirlərlə də səmərəli işləməyə imkan verir.

Nəticə
Barışdırıcı məhkəmə prosesinin mövcud yuvenal ədliyyəyə tətbiqi ədalət mühakiməsinin təməl əsasları və yetkinlik yaşına çatmayanların hüquqlarının təmini ilə əlaqədar mühüm məsələlərlə bağlı mütəxəssislər arasında qızğın diskussiyaya səbəb olmuşdur. Mövcud qanunvericiliyə yeni sosial institutun – barışıq mərkəzlərinin – fəaliyyətini tənzimləyən xüsusi normaların tətbiqinə ehtiyac varmı? Barışıq mərkəzləri necə təşkil olunmalıdır? Onlar məhkəmə sistemi tərəfindən təsis edilməlidir yoxsa müstəqil olmalıdır?
Barışdırma ilə bağlı normaların qanunvericiliyə daxil edilməsinin tərəfdarları İtaliya məhkəmə prosesində zərərçəkmişin rolunun azlığını göstərirlər və bu addımın onun rolunu aktuallaşdıracağını iddia edirlər. Barışıq mərkəzi ilə bağlı normaların rəsmiləşdirilməsinin əleyhdarları göstərirlər ki, rəsmi normaların daxil edilməsi onun mülkilik kimi elementini zəiflədər və bürokratikləşdirməyə səbəb olar. Bir sıra ekspertlər barışıq mərkəzinin məhkəmə icraatına daxil ediləcəyi halda hakimin tərəflərin barışdırıcısı kimi rolunun zəifləməsindən ehtiyatlanır.
Hazırda İtaliyada barışıq mərkəzlərinin inkişafının bəzi istiqamətləri müzakirə olunur. Birincisi, barışıq mərkəzinə xüsusi statusun verilməsi, bu halda orada könüllülük əsasında işləyən hakimlər deyil, ixtisaslaşmış mediatorlar çalışacaq. İkincisi, mediatorlara yetkinlik yaşına çatmayanların işlərinə müdaxilə etmək imkanının verilməsi və hər bir işdə mediasiyanın keçirilməsinin məqsədəuyğunluğu müəyyən edilməsi zamanı onların məşvərətçi səs hüququna malik olması. Nəzərdə tutulmuş bu dəyişikliklər yetkinlik yaşına çatmayanların (istər təqsirkar, istərsə də zərərçəkmiş) qərəzsiz və ədalətli məhkəmə araşdırması ilə bağlı hüquqlarının təmin edilməsinə kömək edəcək.

Mənbə: http://index.org.ru
Oxunub: 266 dəfə | Tarix: 30 Iyul 2008 | Kateqoriya: Kitabxana » Məqalələr
Az       En       Ru
Xəbərlər




Ünvan: Akademik Mustafa Topçubaşov küçəsi 23/2, Bakı, Azərbaycan;
Tel/Faks: (+994 12) 596 69 21; 437 82 47;
E-mail: office@azpenalreform.az