"AzadlIqdan Məhrumetmə
Yerlərİnİn Müşahİdəsİ"
İctİmaİ Bİrlİyİ

"Prison Watch"
Public Association

Xaricdəki azərbaycanlı məhbusların cəzalarını Azərbaycanda çəkməsi üçün prosedur müəyyənləşdirilib

Xaricdəki azərbaycanlı məhbusların cəzalarını Azərbaycanda çəkməsi üçün prosedur müəyyənləşdirilib
Ədliyyə Nazirliyinin Kollegiyası “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”nı təsdiqləyib.

APA-nın məlumatına görə, Qaydaya əsasən, məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycana qəbul edilməsinə dair işlərlə əlaqədar vətəndaşların qəbulunu Ədliyyə Nazirliyi üzrə müəyyən olunmuş qaydaya uyğun olaraq, nazirliyin Penitensiar Xidməti həyata keçirir.

Beynəlxalq müqavilələrə uyğun olaraq, məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycana qəbul edilməsi ilə bağlı icraat məhkumun özünün, yaxın qohumunun, qanuni nümayəndəsinin və ya vəkilinin, habelə hökmü çıxaran dövlətin müraciəti əsasında başlanır. Məhkumun verilməsi barədə müraciət yazılı formada tərtib olunur və məhkumun adı, soyadı, atasının adı, doğulduğu yer və tarix, cəza çəkdiyi yerin dəqiq ünvanı, ərizəçi məhkumun yaxın qohumu olduqda qohumluq dərəcəsi barədə məlumatları əks etdirir. Müraciətə məhkum barədə qanuni qüvvəyə minmiş hökmün surəti, Azərbaycan vətəndaşı olan məhkumun pasportunun və ya şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan hüdudlarında istifadə edilməsi və ya Azərbaycan hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin və ya Azərbaycan ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti (bu sənədlər olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd), müraciət vəkil tərəfindən edildiyi halda şəxsiyyətini və Azərbaycan ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi, habelə vəkil qurumunun orderi, müraciət qanuni nümayəndə tərəfindən edildiyi halda onun şəxsiyyətini və qanuni nümayəndə səlahiyyətlərini təsdiq edən sənədləri əlavə edilir.

Məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycana qəbul edilməsi ilə bağlı müraciət Azərbaycan ərazisində məhkumun yaxın qohumu, qanuni nümayəndəsi və ya vəkili tərəfindən edildikdə Penitensiar Xidmətə, hökmü çıxaran dövlət tərəfindən edildikdə isə Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinə ünvanlanır.

Müraciət daxil olduğu vaxtdan ən gec 7 iş günündə yoxlanılır, nəzərdə tutulmuş məlumatların əks olunmadığı müəyyən edildikdə müvafiq sənədlərin və ya məlumatların təqdim olunması üçün aidiyyəti şəxslərə və ya hökmü çıxaran dövlətə müraciət edilir. Müraciət müvafiq tələblərə uyğun təqdim edildikdən sonra Penitensiar Xidmət İdarə vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərir. Sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar Xidmətə təqdim olunur. Hökmü çıxaran dövlətdən daxil olmuş müraciət bu Qaydaya uyğun təqdim edildikdən dərhal sonra həmin müraciət və ona əlavə edilmiş sənədlər mahiyyəti üzrə baxılması üçün İdarə tərəfindən Penitensiar Xidmətə göndərilir.

Penitensiar xidmət hökmü çıxaran dövlətdən daxil olmuş müraciəti və ya sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum olunmuş şəxslərin Azərbaycana qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün aşağıdakı qurumlara göndərir:

- məhkumluğu barədə məlumatın alınması, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi (yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına münasibətdə), habelə məhkumun gətirilməsinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Daxili İşlər Nazirliyinə;
- şəxsin Azərbaycana qəbul edilməsinin Azərbaycanın suverenliyinə, təhlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə;
- məhkumun Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi üçün Dövlət Miqrasiya Xidmətinə.

İdarə Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin təkliflərini nəzərə alaraq sənədlərin müvafiq konvensiyaların tələblərinə uyğunluğuna dair rəyini Penitensiar Xidmətə göndərir. Müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar Xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycana qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır. Rəy Penitensiar Xidmətin əməliyyat-rejim üzrə rəis müavini tərəfindən imzalanır və nazir müavini - Penitensiar xidmətin rəisi tərəfindən təsdiq edilir. Məhkum olunmuş şəxslərin Azərbaycana qəbul edilməsi barədə müsbət rəy olduqda zəmanət məktubu hazırlanaraq İdarə tərəfindən viza verilir və nazir müavini - Penitensiar Xidmətin rəisi tərəfindən imzalanır. İdarə Penitensiar Xidmət tərəfindən imzalanmış zəmanət məktubunu aidiyyəti üzrə hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına göndərir. Hökmü çıxaran dövlətin məhkumun verilməsi barədə qərarı müsbət olduqda Penitensiar Xidmətin razılığına əsasən İdarə məhkumun qəbul edilməsini təsdiq edən məlumatı hökmü çıxaran dövlətin səlahiyyətli orqanına göndərir. Məhkumun verilmə yeri, vaxtı və qaydası tərəflərin cəzanı icra edən orqanları tərəfindən müəyyənləşdirilir.

Məhkum olunmuş şəxslər cəzanın qalan hissəsinin çəkilməsi üçün qəbul edildikdən sonra Penitensiar Xidmət hökmün icrası haqqında qərar qəbul etmək məqsədi ilə Azərbaycanın müvafiq məhkəməsinə müraciət edir. Məhkəmə çıxarılmış hökmdən çıxış edərək onun icrası haqqında qərar qəbul edir.

Apa.az

Oxunub: 75 dəfə | Tarix: 30-03-2017, 15:49 | Kateqoriya:Xəbərlər