"AzadlIqdan Məhrumetmə
Yerlərİnİn Müşahİdəsİ"
İctİmaİ Bİrlİyİ

"Prison Watch"
Public Association

Azərbaycan Respublikasinin cinayət prosesində şəxsiyyətin hüquqi vəziyyəti və onun təminati problemləri

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FƏLSƏFƏ, SOSİOLOGİYA VƏ HÜQUQ İNSTİTUTU

Əlyazması hüququnda

QƏFƏROV MİDHƏD SEYİDƏHMƏD OĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT PROSESİNDƏ ŞƏXSİYYƏTİN HÜQUQİ VƏZİYYƏTİ VƏ ONUN TƏMİNATI PROBLEMLƏRİ

İxtisas 12.00.09 – Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası; əməliyyat-axtarış fəa-liyyəti

Hüquq elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın A V T O R E F E R A T I

Dissertasiya işi Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasında yerinə yetirilmişdir.

Elmi məsləhətçi:
hüquq elmləri doktoru, professor
C.H.Mövsümov

Rəsmi opponentlər
hüquq elmləri doktoru, professor
M.Ə.Cəfərquliyev
hüquq elmləri doktoru, professor
L.V.Qolovko
hüquq elmləri doktoru, professor
V.V.Truxaçev

Aparıcı təşkilat:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası

Hüquq elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın müdafiəsi “__” _________ 2009-cu il tarixdə saat__:__ da AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun nəzdindəki B/D.02.013 Dissertasiya Şurasının iclasında keçiriləcəkdir.

Dissertasiya işi ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanış olmaq olar.

B/D.02.013 Dissertasiya Şurasının elmi
katibi, h.e.n., dos.
X.Ə.Bayramzadə

İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

Tədqiqat mövzusunun aktuallığı. 1995-ci il Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarının azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan etmişdir. Bu məqsədin reallaşdırılması şəxsiyyətin hüquq və azadlıqlarını və müxtəlif sosial sahələrdə on-ların təmin edilməsinin hüquqi mexanizmini tənzimləyən effektiv hüquqi baza olmadan qeyri-mümkündür. Demokratik və hüquqi dövlət hesab edilən Azərbaycan Respublikası qarşısında duran ən mühüm sosial vəzifələrdən biri cinayət mühakimə icraatında şəxsiyyətin hüquqlarının təmin edilməsidir. Bu onunla şərtlənir ki, məhz bu sahədə şəxsiyyətin hüquq və qanuni mənafeləri dövlət orqanları tərəfindən ən aktiv təsirə, o cümlədən mühüm məhdudiyyətlərə məruz qalır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələri bilavasitə cinayət mühakimə icraatında şəxsiyyətin hüquq və qanuni mənafelərinə həsr edilmişdir (63, 66, 67-ci maddələr).
İctimai münasibətlərin yeni müstəvidə inkişafı bir tərəfdən cinayətkarlıqla effektiv mübarizə, digər tə-rəfdən cinayət mühakimə icraatı sferasında şəxsiyyət hüquqlarına dönmədən əməl olunması vəzifələrinin da-ha yüksək səviyyədə uzlaşdırılmasını tələb edir. Cəmiyyətin inkişafına mənfi təsir göstərən neqativ təzahürlər-lə, cinayətkarlıqla mübarizə Azərbaycan Respublikası Prezidentinin daima diqqət mərkəzində olan bir məsə-lədir. Ulu öndər Heydər Əliyevin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» 9 avqust 1994-cü il tarixli Fərmanı, «Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında» 27 yanvar 1998-ci il tarixli Sərəncamı, «İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında» 22 fevral 1998-ci il tarixli Fərmanı, «İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi barədə» 18 iyun 1998-ci il tarixli Sərəncamı, habelə «Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında» 8 iyun 2000-ci il tarixli Fərmanı ilə əsası qoyulmuş, habelə hazırda İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən cinayətkarlıqla yeni mübarizə siyasəti ölkədə cinayətkarlığın səviyyəsinin kəskin surətdə aşağı düşməsinə, cinayətkarlığın cəmiyyət üçün artıq böyük təhlükəsi olmayan ünsürə çevrilməsinə gətirib çıxarmışdır. Bunu, son illərdə cinayətkarlığın dinamikasına dair rəsmi statistik məlumatlar əyani surətdə sübut edir.
Qüvvədə olan Cinayət-Prosessual Məcəllənin qəbulu da həmin siyasətin məntiqi davamı olaraq ərsəyə gəlmişdir. Bu aktda cinayətkarlıqla mübarizənin daha təsirli prosedurlarını müəyyən edən normalarla yanaşı, cinayət mühakimə icraatı sahəsində şəxsiyyətin hüquq və qanuni mənafelərinin təmin edilməsinə yönəlmiş konstitusion müddəaları inkişaf etdirən və konkretləşdirən çoxsaylı hüquq institutları təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin qəbul edildiyi vaxtdan keçən dövr ərzində cinayət prosesində şəxsiyyətin hüquq və qanuni mənafelərinin təmin edilməsi sahəsində mühüm müsbət dəyişikliklər baş vermişdir. Buna baxmayaraq, Azərbaycan Respublikasında məhkəmə-hüquq islahatlarının irəliləyişi əldə edilmiş nəticələrin tənqidi elmi təhlilini və cinayət mühakimə icraatında şəxsiyyətin hüquqlarının təmin edilməsinə yönəlmiş hüquq institutlarının və ayrı-ayrı normaların təkmilləşdirilməsi istiqamətlərini və ona yanaşmaların müəyyənləşdirilməsini tələb edir. Cinayət prosesində şəxsiyyətin hüquqlarına dair nəzəri məsələlər və xüsusən də onların realizə mexanizmi hələ də lazımi həllini tapmamışdır. Cinayət mühakimə icraatında şəxsiyyətin hüquq və qanuni mənafelərinin təmin edilməsi ilə bağlı istintaq və məhkəmə təcrübəsinin də elmi təhlilə ehtiyacı vardır.
Qanunverici üçün, əvvəlki kimi, şəxsiyyətin hüquq və qanuni mənafelərinin təmin edilməsinə dair hüquqi bazanın hamılıqla qəbul edilmiş beynəlxalq norma və standartlara tam uyğunlaşdırılması aktual və mühüm vəzifə hesab olunur.
Qeyd edək ki, cinayət prosesində şəxsiyyətin hüquqlarının təmin edilməsi sahəsində normativ-hüquqi bazanın qeyri-mükəmməlliyi konkret cinayət işi üzrə şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxslərin və cinayət mühakimə icraatının digər iştirakçılarının hüquq və qanuni mənafelərinin pozulmasına bilavasitə şərait yara-dır. Hüquq-mühafizə orqanları əməkdaşları, vəkillər və hakimlər arasında apardığımız sorğu nəticələrinin ümumiləşdirilməsi göstərir ki, mövcud hüquqi baza cinayət prosesində şəxsiyyətin hüquqlarını tam təmin et-məyə imkan vermir.
Cinayət mühakimə icraatı sahəsində şəxsiyyətin hüquqlarının təmin edilməsi problemi keçmiş və müasir dövrün görkəmli hüquqşünaslarının daim diqqət mərkəzində olmuşdur. Onların əsərlərində əks olunan bir sıra müddəalar bu gün də öz əhəmiyyətini itirməmişdir. Eyni zamanda, obyektiv səbəblərə görə, ilk növbədə cəmiyyətin sosial, iqtisadi və hüquqi əsaslarının köklü surətdə dəyişməsi ilə əlaqədar olaraq sovet dövrü alimlərinin irəli sürdüyü bir sıra konseptual müddəalar müasir tələblərə və hüquq reallıqlarına cavab vermir.
Cinayət prosesinin ayrı-ayrı iştirakçılarının hüquqi vəziyyəti ilə bağlı son illərdə bir sıra namizədlik dis-sertasiyaları müdafiə edilmiş olsa da, hüquqi sistemin yenidən qurulduğu, hüquq yaradıcılığının ümumbəşəri dəyərələrə əsaslanmaqla aparılması və cinayətkralığa qarşı qətiyyətli mübarizənin tələb olunduğu müasir şə-raitdə cinayət prosessual hüquq nəzəriyyəsi və hüquq yaradıcılığı sahəsində fundamental tədqiqatın aparıl-ması obyektiv reallıqlarla şərtlənir.
Məhz bu baxımdan, dissertasiya işi, əvvəlki tədqiqatlardan fərqli olaraq, bütövlükdə cinayət prosesində şəxsiyyətin prosessual statusunun realizəsinə təsir göstərən əsas cəhətlər kompleks şəkildə araşdırılmaqla, şəxsiyyətin hüquqi vəziyyətinin konseptual əsaslərının, eləcə də hüquq və qanuni mənafelərinin təminatı sistemi-nin müəyyənləşdirilməsinə və bu təminatların faktiki realizəsi mexanizminin qurulmasına xidmət edir.
Problemin elmi işlənmə vəziyyəti müxtəlif ölkələrdən olan tədqiqatçıların ciddi diqqət mərkəzində olma-sı ilə müəyyənləşir.
Cinayət-prosessual hüquq nəzəriyyəsində şəxsiyyətin hüquqi vəziyyətinin ayrı-ayrı məsələləri xarici öl-kələrin bəzi görkəmli prosessualist alimləri (M.S.Stroqoviç, L.D. Kokorev, O.Y. Bayev, N.A. Qromov, Z.F. Kovriqa, Y.V. Korenevski, E.F. Kutsova, A.M. Larin, V.Z. Lukaşeviç, İ.L. Petruxin, V.M. Savitski, Y.İ. Stesovski, İ.L. Trunov, Q.P. Ximiçeva, S.P. Şerba, S.A. Şeyfer, P.S.Elkind və s.) tərəfindən tədqiq olunmuş-dur. Milli hüquq elmində problemin ayrı-ayrı aspektləri C.H. Mövsümov, M.Ə. Cəfərquliyev, R.H. İsgəndə-rov, C.İ. Süleymanov, F.Y. Səməndərov, M.F. Məlikova, Z.A. Əskərov, K.Q. Sarıcalinskaya, A.X.Kişiyev, H.S.Qurbanov, X.C.Ələkbərov və digər görkəmli alimlər tərəfindən tədqiq olunmuşdur.
Aparılmış tədqiqatların müsbət nəticələri etiraf olunmaqla yanaşı, qeyd etməliyik ki, müasir dövrdə qanunvericiliyin insan hüquq və azadlıqları sahəsində beynəlxalq standartlara uyğunlaşdırma zəruriliyi ilə əlaqədər cinayət prosesində şəxsiyyətin hüquqi vəziyyəti və onun təminatı problemi bütövlükdə öz həllini tapmamışdır.
Tədqiqatın obyekti olaraq Azərbaycan Respublikasının cinayət prosesində şəxsiyyətin hüquqlarının tə-min edilməsinin nəzəri-hüquqi əsasları, istintaq və məhkəmə təcrübəsi götürülmüşdür.
Tədqiqatın predmeti cinayət mühakimə icraatında şəxsiyyətin hüquqlarının təmin edilməsi sahəsində hüquq institutlarını və ayrı-ayrı normaları səciyyələndirən qanunauyğunluqların və qarşılıqlı əlaqələrin aşkar edilməsi və öyrənilməsi, habelə həmin institut və normaların optimallaşdırılması üzrə təklif və tövsiyələrin işlənib hazırlanmasıdır.
Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqat işinin əsas məqsədi Azərbaycan Respublikasının cinayət pro-sesində şəxsiyyətin hüquqi vəziyyəti, hüquq və qanuni mənafelərinin təmin edilməsinin hüquqi vasitələrinə dair aktual hesab olunan nəzəri və praktiki məsələlərin kompleks tədqiqidir.
Bu məqsədlə qarşıya bir sıra vəzifələr qoyulmuşdur ki, bura da aşağıdakılar aid edilə bilər:
1) Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin Azər-baycan Respublikası cinayət prosesinin prinsipi kimi kompleks təhlili;
2) Azərbaycan Respublikasında şəxsiyyətin konstitusion statusu probleminin və cinayət-prosessual qa-nunvericiliyində onun realizə edilməsinin tədqiqi;
3) Şəxsiyyətin hüquqları və ədalət mühakiməsinin mənafelərinin nisbəti probleminin təhlili;
4) Cinayət prosesinin ayrı-ayrı iştirakçılarının hüquq və qanuni mənafelərinin təmin edilməsinə dair ci-nayət-prosessual normaların səciyyəsi;
5) Ayrı-ayrı istintaq hərəkətlərinin aparılması zamanı şəxsiyyətin hüquq və qanuni mənafelərini təmin edən cinayət-prosessual normalarının təhlili;
6) Cinayət mühakimə icraatında şəxsiyyətin təhlükəsizliyinin təmin edilməsi probleminin təhlili.
Dissertasiya tədqiqatının metodoloji əsasını cinayət mühakimə icraatı sahəsində yaranan hüquqi müna-sibətlərin idrakında dialektik metodların tətbiqi təşkil edir.
Tədqiqatı zamanı bir sıra ümumelmi (sistem, analiz və sintez, məntiqi, ümumiləşdirmə, induksiya və deduksiya və s.), xüsusi-qnoseoloji və fərdi-elmi metodlardan (formal-hüquqi, tarixi-hüquqi və s.) istifadə olunmuşdur. Müəyyən məsələlərin öyrənilməsi zamanı tarixi, sistemli-təhlil, müqayisəli-hüquqi metodlar geniş tətbiq olunmuşdur.
Tədqiq olunan ayrı-ayrı məsələlərin xüsusi xarakteri tədqiqat zamanı elmi idrakın sosioloji (sorğu, modelləşdirmə, funksional təhlil və s.) və statistik metodlarından (təsnifatlaşdırma, korellyasiya) istifadəni zəruri etmişdir.
Tətbiq olunmuş metodlar Azərbaycan Respublikasının cinayət prosesində şəxsiyyətin hüquq və qanuni mənafelərini təmin edən konstitusion, cinayət-prosessual və digər qanunvericilik normalarının inkişaf etmiş dövlətlərin, o cümlədən bu sahədə mövcud olan beynəlxalq hüquq normaları ilə müqayisəsinə; onların üstün və çatışmayan cəhətlərinin aşkar olunmasına; müasir dövrdə cinayət prosesində şəxsiyyətin hüquq və qanuni mənfaelərinin pozulma miqyasının, pozuntuların növləri və xarakterinin, istintaq və məhkəmə səhvlərinin aşkarlanmasına; ayrı-ayrı prosessual hüquqların və cinayət prosesinin ayrı-ayrı iştirakçılarının müdafiəsinin səciyyəvi xüsusiyyətlərinin müəyyənləşdirmiləsinə imkan vermişdir.
Tədqiqatın normativ əsasını cinayət mühakimə icraatında şəxsiyyətin hüquqlarının təmin edilməsinə da-ir beynəlxalq hüququn ümumtanınmış norma və prinsipləri, Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual Məcəllələri, Azərbaycan Respublikasının digər qanunları və normativ-hüquqi aktları, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ci-nayət-prosessual qanunvericiliyin bir sıra normalarının şərh edilməsi ilə bağlı qərarları təşkil edir. Tədqiqatda həmçinin cinayət mühakimə icraatında şəxsiyyətin hüquqlarının təmin edilməsi sahəsində xarici ölkələrin qa-nunvericilik normalarındən istifadə edilmişdir.
Tədqiqatın nəzəri əsasını cinayət prosesi və kriminalistika sahəsində görkəmli hüquqşünas alimlərin: M.S.Stroqoviç, L.D.Kokorev, O.Y.Bayev, N.A.Qromov, Z.F.Kovriq, Y.V.Korenevski, E.F. Kutsova, A.M.Larin, V.Z.Lukaşeviç, İ.L.Petruxin, V.M.Savitski, Y.İ. Stesovski, İ.L.Trunov, Q.P.Ximiçeva, S.P.Şerba, S.A.Şeyfer, P.S. Elkind, C.H.Mövsümov, M.Ə.Cəfərquliyev, R.H.İsgəndərov, F.Y. Səməndərov, Z.A. Əskərov, K.N. Səlimov, M.F. Məlikova, K.Q. Sarıcalinskaya, A.X.Kişiyev, H.S. Qurbanov, X.C. Ələkbərov və başqalarının elmi tədqiqatları təşkil edir.
Dissertasiya tədqiqatının empirik bazasını 100 əməliyyat bölməsi əməkdaşları, 100 müstəntiq, 100 pro-kurorluq işçisi və hakimlər, 100 vəkil arasında apardığımız sorğunun nəticələri təşkil etmişdir. Həmçinin, tə-rəfimizdən 500-dən artıq müxtəlif kateqoriyalı cinayət işləri öyrənilmiş, rəsmi statistik məlumatlardan istifadə edilmişdir.
Dissertasiya tədqiqatının elmi yeniliyi. Dissertasiya Azərbaycan Respublikasının cinayət prosesində şəxsiyyətin hüquqi vəziyyəti və onun realizə problemlərinin qüvvədə olan müasir qanunvericilik, eləcə də Azərbaycan Respubli-kasının tərəfdar çıxdığı beynəlxalq normativ aktlar əsasında kompleks tədqiqinə həsr olunmuş bitkin monoqrafik təd-qiqat əsəridir.
Həmçinin işin aşağıdakı məsələlərə dair müddəaları mühüm elmi yeniliyi ilə fərqlənir: Konstitusiyada təsbit edilən insan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi cinayət-prosessual prinsipinin məzmununun təhlili; Azərbaycan Respublikasında şəxsiyyətin konstitusion statusunun hüquqi xarakteristi-kası və onun cinayət-prosessual qanunvericilikdə realizəsinin xüsusiyyətləri; şəxsiyyətin hüquqları və qanuni mənafelərinin pozulmasına səbəb olan istintaq və məhkəmə səhvlərinin təhlili; cinayət mühakimə icraatında şəxsiyyətin təhlükəsizliyinin təmin edilməsi probleminin kompleks tədqiqi; Azərbaycan Respublikasının ci-nayət mühakimə icraatında şəxsiyyətin təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq standartların və tövsiyələrin tədqiqi.
Müdafiəyə çıxarılan əsas müddəalar aşağıdakılardır:
-cinayət prosesinin prinsipi anlayışının müəllif izahı;
-Konstitusiyada təsbit edilən insan və vətəndaş hüquqları və azadlıqlarını təmin edən cinayət-prosessual prinsipləri sisteminin müəyyən edilməsi;
-Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması cinayət-prosessual prinsipinin məzmununun təhlili;
-Azərbaycan Respublikasında şəxsiyyətin konstitusion statusunun hüquqi xarakteristikası və onun cinayət-prosessual qanunvericilikdə realizə xüsusiyyətləri müəyyənləşdirilməsi;
-şəxsiyyətin hüquq və qanuni mənafelərinin ümumi cinayət-prosessual təminatlarının təhlili və sistemi-nin müəyyənləşdirilməsi;
-cinayət-prosessual məcburiyyət tədbirlərinin tətbiqi zamanı şəxsiyyətin hüquqları və qanuni mənafelə-rinin təmini məsələlərinin tədqiqi;
-şəxsiyyətin hüquqları və qanuni mənafelərinin pozulmasına səbəb olan istintaq və məhkəmə səhvləri-nin təhlili və aradan qaldırılması yollarınin müəyyənləşdirilməsi;
-cinayət mühakimə icraatında elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi və şəxsiyyətin mənafelərinə toxunan problemlərin təhlili;
-cinayət prosesinin mənəvi başlanğıcları və şəxsiyyətin hüquqi vəziyyətinin tədqiqi;
-cinayət prosesi iştirakçılarının: şübhəli və təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və mülki iddia-çının, şahidin hüquq və qanuni mənafelərinin təmin edilməsi məsələlərinin təhlili;
-ayrı-ayrı istintaq hərəkətlərinin aparılması zamanı şəxsiyyətin hüquqları və qanuni mənafelərinin təmin edilməsi problemlərinin təhlili.
-cinayət mühakimə icraatında şəxsiyyətin təhlükəsizliyinin təmin edilməsi probleminin kompleks tədqiqi;
-Azərbaycan Respublikası cinayət mühakimə icraatında şəxsiyyətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı beynəlxalq standart və tövsiyələrin tədqiqi;
-cinayət mühakimə icraatında şəxsiyyətin təhlükəsizliyinin təmin edilməsinin cinayət-hüquqi, cinayət-prosessual və inzibati-hüquqi tədbirlərinin təhlili və onların realizə olunması üzrə tövsiyyələrin işlənib hazırlanması.
Tədqiqatın nəzəri və təcrübi əhəmiyyəti. Müəlləfin nəzəri-konspetual əsaslandırmaları, apardığı dəqiqləşdirmələr və təklif etdiyi anlayışlar cinayət prosesində şəxsiyyət hüquqlarının müdafiə təminatlarının və bu təminatların realizəsinin forma və vasitələrinin, cinayət prosesini həyata keçirən orqanların fəaliyyət əsaslarının, cinayət prosesi sferasında dövlət və şəxsiyyət arasında yaranan hüquq münasibətlərinin daha dərindən dərk edilməsinə və hüquqi tənzimlənməsinə xidmət edə bilər.
Həmçinin, müəlləfin təklif və tövsiyyələrindən cinayət-prosessual qanunvericiliyin təkmilləşdirilməsi zamanı istifadə edilə bilər.
Dissertasiyanın nəticə və təklifləri ibtidai araşdırma və məhkəmə baxışı zamanı təhqiqatçılar, müstəntiqlər, prokurorlar və hakimlər, eləcədə vəkillər üçün faydalı ola bilər.
Tədqiqatın nəticələri, habelə «cinayət prosesi» kursunun tədrisi, cinayət-prosessual hüquq sisteminə daxil olan ixtisas kurslarının, dərsliklərin və tədris-metodoloji vəsaitlərin hazırlanması, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi zamanı istifadə oluna bilər.
Tədqiqat nəticələrinin aprobasiyası. Dissertasiya tədqiqatının əsas nəticə və təklifləri BDU-nun Cinayət hüququ, Cinayət prosesi, Kriminalistika və məhkəmə ekspertizası kafedralarının birgə iclasında müzakirə olunaraq bəyənilmiş və açıq müdafiəyə tövsiyə olunmuşdur. Tədqiqatın əsas elmi müddəaları, o cümlədən konkret qanunvericilik təklifləri 2000-2009-cu illərdə nəşr olunmuş 40 elmi məqalədə, iki monoqrafiya, iki dərslik, iki dərs vəsaitində öz əksini tapmışdır. Müəllifin işləyib hazırladığı 60-dan çox konkret qanunvericilik təklifi Azərbaycan Respublikası Milli Məclisinə göndərilmiş, qanunvericiliyin təkmilləşdirilməsi zamanı nəzərə alınacağı barədə müsbət cavab alınmışdır.
Tədqiqatın əsas elmi nəticələri ilə bağlı mili və beynəlxalq elmi-praktiki konfranslarda («Yuvenal ədliyyə: yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayət işləri üzrə ədalət mühakiməsinin icraatı)» mövzusunda konfrans (Bakı şəhəri, 13-14 aprel 2006-cı il); «Konstitusiya məhkəməsi ilə ümumi yurisdiksiyalı məhkəmələr arasında qarşılıqlı əlaqələr» mövzusunda konfrans (Bakı şəhəri, 9-10 noyabr 2006-cı il); «Cinayət prosesində məhkəmə müdafiəsi hüququ: Avropa standartları və Rusiyanın praktikası» mövzusunda konfrans (Tomsk şəhəri, 20-22 sentyabr 2007-ci il); «Hüquqi dövlətin inkişafının prioritet məsələləri» mövzusunda konfrans (Barnaul şəhəri, 28-29 sentyabr 2007-ci il); «Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin 80 illiyi» ilə bağlı konfrans (Bakı şəhəri, 9 aprel 2008-ci il); Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş «Dövlət və hüquq quruculuğunun aktual problemləri» Hüquq fakultəsi müəllim və gənc tədqiqatçılarının 8-ci Elmi-praktik konfransı (Bakı şəhəri, 7 may 2008-ci il) çıxışlar edilmiş, həmin konfransların elmi nəşrlərində müəllifin mövzu ilə bağlı elmi məqalələri dərc olunmuşdur.
Tədqiqat işinin nəzəri müddəaları və praktiki tövsiyələri müəllifin cinayət prosesi, hüquq-mühafizə orqanları, ibtidai araşdırma, müqayisəli cinayət-prosessual hüquq fənlərini üzrə söylədiyi mühazirələrin mətninə daxil edilmişdir.
Dissertasiyanın strukturu problemin çoxşaxəliliyi, məqsəd istiqamətləri və tədqiqatın məntiqi quruluşu ilə müəyyən olunmuşdur. İş giriş, iyirmi iki paraqrafı əhatə edən altı fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir.

İŞİN ƏSAS MƏZMUNU

Girişdə tədqiqat mövzusunun aktuallığı, problemin elmi işlənmə dərəcəsi əsaslandırılır, tədqiqatın məqsədləri, vəzifələri, obyekt və predmeti müəyyən edilir. Həmçinin tədqiqatın metodoloji və empirik bazası müəyyən edilir, müdafiəyə çıxarılan əsas müddəalar, alınmış nəticələrin nəzəri və təcrübi əhəmiyyəti, onların aprobasiyası xülasə edilir.
«İnsan və vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının təmini Azərbaycan Respublikasının cinayət prosesinin prinsipi kimi» adlanan birinci fəsil Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi cinayət prosesi prinsipinin məzmununa dair konseptual müddəalara həsr edilmişdir.
«Cinayət prosesi prinsipinin anlayışı» adlanan birinci paraqraf cinayət prosesi prinsipinin anlayışına dair elmi baxışların tənqidi təhlilinə həsr edilmişdir. Müəllif belə bir nəticəyə gəlmişdir ki, cinayət prosesinin prinsipi dedikdə, normativ qaydada təsbit edilən və strateji istiqamətverici təməl, yəni əsas müddəalar başa düşülür və buna müvafiq olaraq demokratik əsaslarla cinayət təqibinin və ondan müdafiənin həyata keçirilməsinin əsasını təşkil edən qaydalar müəyyənləşdirilir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onların müdafiəsi təmin edilir; cinayət təqibinin hər bir halının qanuniliyi və əsaslılığı müəyyən edilir, yəni dövlət nümayəndələri - cinayət prosesinin peşəkar subyektləri və cinayət prosesinə cəlb edilən digər şəxslər arasında, eləcə də onların öz aralarındakı mühüm prosessual münasibətlər prinsipial olaraq tənzimlənir.
CPM-in qüvvədə olan redaksiyasına əsasən, 9.1.1-ci maddədə göstərilən cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir. Eyni zamanda cinayət-mühakimə icraatının əsas prinsipləri və şərtləri təkcə cinayət təqibinin əsasını təşkil edən qaydaları deyil, həm də cinayət təqibindən müdafiə qaydalarını müəyyən edir. Digər hal CPM-in 32.1-ci maddəsində təsbit edilən Azərbaycan Respublikasında cinayət mühakimə icraatının çəkişmə prinsipinin mahiyyəti ilə ziddiyyət təşkil edir. Buna görə də CPM-in 9.1.1-ci maddəsinin aşağıdakı redaksiyada verilməsi təklif edilir: cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri… 9.1.1. «cinayət təqibinin və ondan müdafiənin əsasını təşkil edən qaydaları müəyyən edir». Belə əlavə cinayət mühakimə icraatında cinayət prosesi iştirakçılarının şəxsiyyətin hüquqlarının təmininə daha dəqiq istiqamətlənməsinə kömək edir.
«Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını təmin edən cinayət-prosessual prinsiplərinin sistemi» adlanan ikinci paraqrafda məsələyə dair bir çox alimlərin mövqeləri təhlil edilərək müvafiq ümumiləşdirmələr aparılmış, Azərbaycan Respublikasında qüvvədə olan cinayət-prosessual prinsiplərin sistemi müəyyən edilmiş və aşağıdakı kimi təsnifləşdirilmişdir:
1) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq normativ aktlarda (müxtəlif konvensiya, bəyannamə və paktlarda) təsbit olunmuş prinsiplər;
2) Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən prinsiplər:
a) Azərbaycan Respublikasının cinayət mühakimə icraatında şəxsiyyətin hüquq və qanuni mənafelərini müəyyən edən konstitusion norma-prinsiplər;
b) Azərbaycan Respublikasında cinayət prosesinin həyata keçirilməsinin əsaslarını müəyyənləşdirən konstitusion norma-prinsiplər.
3) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında təsbit edilən prinsiplər;
4) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində təsbit edilən prinsiplər;
5) Azərbaycan Respublikasının digər qanunlarında təsbit edilən prinsiplər.
Bu sistem Azərbaycan Respublikası cinayət mühakimə icraatının prinsiplərinin plüralizmini və onun iye-rarxiyalılığını əks etdirir. Yuxarı təsnifat qrupuna daxil edilən prinsiplərə zidd olan aşağı təsnifat qrupuna daxil edilmiş prinsiplər tətbiq edilməməlidir. Əks halda prinsiplər sisteminin destrukturlaşması baş verir ki, bu da cinayət-prosessual hüququnun bir çox bölmələrinin və cinayət-prosessual fəaliyyətin istiqamətlərinin struktur pozuntusuna gətirib çıxara bilər.
«Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması cinayət prosesi prin-sipinin məzmunu» adlanan üçüncü paraqraf milli və xarici ölkə alimlərinin bu sahədəki tədqiqatlarını kom-pleks təhlilinə həsr edilmişdir.
CPM-in 12-ci maddəsində «Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması» prinsipi müəyyən edilir. Bu normanın dəyəri ilk öncə onun sintezedici əhəmiyyəti ilə xarakterizə olunur. Mahiyyətcə, göstərilən norma-prinsip cinayət mühakimə icraatı iştirakçılarının hərəkət etməli olduqları əsas hüdudları müəyyən edir. Bu norma onun məzmunundan irəli gələn bir sıra norma-prinsiplərin irəli sürülməsi və əsaslandırılmasına əsas verir.
CPM-in 12-ci maddəsi Azərbaycan Respublikası cinayət mühakimə icraatında insan və vətəndaşın ayrı-ayrı hüquq və azadlıqlarının təmin olunmasına həsr edilən bir sıra normaları özündə birləşdirir. Söhbət, hər şeydən əvvəl, CPM-in 13-cü (Şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14-cü («Azadlıq hüququnun təmin edilməsi»), 15-ci («Şəxsiyyətin toxunulmazlıq hüququnun təmin edilməsi»), 16-cı («Şəxsi həyatın toxunulmazlığı hüququnun təmin edilməsi»), 17-ci («Mənzil toxunulmazlığı hüququnun təmin edilməsi») və s. maddələrindən gedir.
Qeyd olunmalıdır ki, 12-ci maddə CPM-in «Cinayət prosesində iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin təmin edilməsi» adlı 13-cü fəslində əks etdirilən müddəalarla birbaşa bağlıdır. Cinayət mühakimə icraatının digər prinsiplərinin pozulması mütləq şəkildə baxılan prinsipin pozulmasına gətirib çıxarır. Cinayət prosesinin 28 prinsipindən hər hansı biri pozulduğu halda bu prinsipin də pozulması baş verir. Beləliklə, bu prinsipdə əks etdirilən müddəaların ümumilik dərəcəsi hədsiz yüksəkdir. Hesab edirik ki, bu meyar üzrə o, hətta qanunçuluq prinsipi ilə müqayisə edilə bilər.
Fikrimizcə, CPM-in 12-ci maddəsinə bu normada əks etdirilən müddəaların mahiyyətinə xələl gətirməyən bəzi dəqiqləşdirmələr və əlavələr edilməlidir. Belə ki, maddənin adında təkcə konstitusion hüquq və azadlıqların təmin olunmasının deyil, həm də Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında təsbit edilən hüquq və qanuni mənafelərin təmin edilməsi barədə müdəanın təsbit olünması məqsədəuyğundur. Gö-stərilən ümumi müddəalara, şübhəsiz, digər hüquqların, eləcə də cinayət prosesi iştirakçılarının qanuni məna-felərinin təmini zamanı da əməl edilməlidir. Bu müddəanın əleyhdarları etiraz edə bilərlər ki, cinayət prose-sində iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin təmin edilməsinə CPM-in 13-cü fəsli həsr edilmiş-dir. Lakin qanunverici əsaslı olaraq həmin fəslə salınmış ümumi qaydaları göstərmir, belə halda CPM-in müxtəlif fəsillərindəki başlıca əhəmiyyətə malik olan qaydaların labüd təkrarlanması baş verərdi.
Bundan başqa, CPM-in baxılan 12-ci maddəsinə «cinayət prosesində iştirak edən şəxslər öz hüquqlarından sui-istifadə etməməlidirlər» müddəasının əlavə edilməsini zəruri hesab olunur. Konstitusiya və digər aktlarda təsbit edilən hüquq, azadlıq və qanuni mənafelər dövlət tərəfindən ümumi rifah naminə təmin edilir. Hüquq və azadlıqların geniş kompleksinin təsbit olunması heç də hər şeyə yol verilməsi demək deyildir. Ona görə də, bu hüquqlardan sui-istifadə edilməsi dövlət tərəfindən mənfi qiymətləndirilir. Qeyd olunmalıdır ki, bir çox ölkələrin əsas qanunlarında, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsində göstəri-lən müddəa konstitusion səviyyədə təsbit olunmuşdur. Həmin maddəyə uyğun olaraq, Konstitusiyada və qa-nunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
Cinayət prosesini həyata keçirən orqanların məhkəmə qaydasında şikayət edilə bilən hərəkət və qərarları-nın dairəsinin qanunvericiliklə məhdudlaşdırılması, fikrimizcə, əsassızdır və cinayət prosesində şəxsiyyətin hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsinə ziddir. Digər prosessual qərarlar və hərəkətlər də şəxsiyyə-tin konstitusion hüquq və azadlıqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər. O cümlədən, konkret şəxs barəsində cinayət işinin başlanması haqqında qərardan vətəndaşların konstitusion hüquq və azadlıqlarını məhdudlaşdıran akt kimi, məhkəməyə şikayət vermə imkanının qanunda nəzərdə tutulması vacibdir.
İnsan hüquqlarının ümumdünya mühafizəsi mövqeyini rəhbər tutmaqla, şikayət vermənin əsaslarının qa-palı siyahısından imtina edilməsi və maraqlı şəxslərə cinayət prosesini həyata keçirən orqanların onların hüquq və qanuni mənafelərini pozan və ya məhdudlaşdıran istənilən qərar və hərəkətlərindən şikayət etmək imkanının verilməsi daha düzgün hesab edilməlidir.
«Azərbaycan Respublikasında şəxsiyyətin konstitusion statusu və onun cinayət-prosessual qanunvericilikdə realizəsi» adlanan ikinci fəsil üç paraqrafdan ibarətdir.
«Azərbaycan Respublikasında şəxsiyyətin konstitusion statusu» adlanan birinci paraqrafda müəllif Azər-baycan Respublikasında şəxsiyyətin konstitusion statusunun mahiyyətini açmışdır. Azərbaycan Respublika-sında şəxsiyyətin hüquqi vəziyyətinin əsas məzmununu onun hüquq və vəzifələri təşkil edir. Azərbaycan Res-publikasının Konstitusiyası öz vətəndaşları üçün dövlət idarəetməsi, təsərrüfat, mədəniyyət və ictimai-siyasi həyatın bütün sahələrində geniş demokratik hüquq və azadlıqlar verir.
Cinayət prosesi iştirakçısının statusunu təsbit edən konstitusion-hüquqi normalar sırasına aşağıdakılar aiddir: 1) Azərbaycan Respublikasında insanın hüquqi vəziyyətini müəyyən edən normalar; 2) cinayət prosesi iştirakçısının konstitusion-hüquqi statusunu birbaşa müəyyən edən normalar.
Birincilər sırasına aşağıdakı beynəlxalq-hüquqi prinsiplər aid edilə bilər: hər kəsin doğulduğu andan malik olduğu hüquq və azadlıqların toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı; hamının qanun və məhkəmə qarşısında bərabərliyi; hər kəsin hüquq və azadlıqlarının bərabərliyi. Bu qrupa həmçinin aşağıdakılar aid edilə bilər: qanunla qadağan olunmayan istənilən üsul və vasitələrlə öz hüquqlarını, azadlıqlarını müdafiə etmək hüququ; yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ; mülkiyyət hüququ; təhlükəsiz yaşamaq hüququ; mənzil toxunulmazlığı hüququ; ana dilindən istifadə etmək hüququ; şərəf və ləyaqətin müdafiəsi hüququ; informasiya azadlığı hüququ; müraciət etmək hüququ; hüquq və azadlıqların məhkəmə təminatı; hüquqi yardım almaq hüququ və s. Göstərilən müddəalar sahəvi qanunvericilikdə konkretləşdirilir.
Azərbaycan Respublikası Konstitusiyasında həmçinin cinayət mühakimə icraatına birbaşa aidiyyəti olan hüquq və azadlıqlar təsbit edilmişdir: məsələn, 32-ci maddədə şəxsi toxunulmazlıq hüququ, 33-cü maddədə mənzil toxunulmazlığı hüququ, 61-ci maddədə keyfiyyətli hüquqi yardım almaq hüququ müəyyən edilmişdir. Konstitusiyanın 63-cü maddəsi təqsirsizlik prezumpsiyası anlayışının mahiyyətini açıqlayır. 65-ci maddədə məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ təsbit edilmişdir. 66-cı maddədə təsbit edilən müddəaya əsasən, heç kəs özünə, arva-dına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. 67-ci maddəyə müvafiq olaraq, səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində itti-ham etdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsu-liyyətinə cəlb edilməsinin səbəbləri izah edilir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsi nə-zərdə tutur ki, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Dissertasiyada cinayət mühakimə icraatına birbaşa aidiyyəti olan, hüquq və azadlıqları təsbit edən həmin normaların və digər normaların məzmunu müfəssəl təhlil edilmişdir.
CPM-in müddəalarına müvafiq olaraq, cinayət təqibi təsir dairəsinə düşən, beynəlxalq hüququn hamılıqla tanınmış aktlarında və digər ölkələrin konstitusiyalarında təsbit edilən insan və vətəndaş hüquq və azadlıqlarının, qanuni mənafelərinin müqayisəli hüquqi təhlili, şübhəsiz ki, böyük maraq doğurur. Bu, Azərbaycan və digər ölkələrin cinayət prosesində insan və vətəndaşın şəxsiyyətinin hüquqi müdafiəsinin ümumi demokratik səviyyəsini müəyyən etməyə imkan verir.
Azərbaycan Respublikası Konstitusiyasının və CPM-in «İnsan hüquqları haqqunda Ümumi Bəyannamə»; «Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt», «Hüquq qaydasının müdafiəsi üzrə vəzifəli şəxslərin davranış kodeksi»; İspaniya, İtaliya, Fransa, Rusiya, Yaponiya Konstitusiyaları, AFR-in əsas Qanunu ilə müqayisəli hüquqi təhlili aşağıdakı nəticəyə gəlməyə əsas vermişdir:
-Azərbaycan Respublikası Konstitusiyasında əks edilən cinayət mühakimə icraatı sahəsinə aid olan insan hüquq və azadlıqlarının sistemi bütövlükdə «hüquqi dövlətə» xas olan müddəaların dairəsinə, səviyyəsinə və əsaslılığına cavab verir.
Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının optimal təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasına aşağıdakı müddəaların daxil edilməsini zəruri hesab edirik:
-məhkəmə qarşısında dayananadək və məhkəmə tərəfindən həmin şəxsin həbsi haqqında qərar qəbul edi-lənədək, yaxud digər qəti imkan tədbiri seçilənədək, yaxud həmin şəxs azad edilənədək, hər hansı bir şəxsin tutulmasının son müddətini müəyyənləşdirmək (CPM-in 148.4 və 151-ci maddələrinə müvafiq olaraq qanun-verici tərəfindən bu müddət 48 saat müəyyən edilmişdir);
-tətbiq edilən cinayət-prosessual məcburiyyət tədbirlərinə məhkəmə nəzarətinin rolu və əhəmiyyətini daha dəqiq əks etdirmək (o cümlədən göstərmək lazımdır ki, qısamüddətli tutulma hallarından başqa, azadlığın məhdudlaşdırılmasına yalnız məhkəmə qərarı ilə icazə verilir);
-göstərmək lazımdır ki, hər bir tutulan şəxs bilavasitə «faktiki tutulduğu» andan etibarən vəkil xidmətin-dən istifadə etmək hüququna malikdir.
İkinci paraqraf «Cinayət-prosessual qanunvericilikdə şəxsiyyətin konstitusion statusunun realizəsi» məsələ-lərinə həsr olunmuşdur.
Cinayət mühakimə icraatı sahəsində şəxsiyyətin bir sıra konstitusion hüquqları Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində cinayət mühakimə icraatının əsas prinsipləri kimi birbaşa fərqləndiril-mişdir. Bunlara aiddir:
-Təqsirsizlik prezumpsiyası hüququ. Azərbaycan Respublikası Konstitusiyası və CPM-də təqsirsizlik pre-zumpsiyasının müqayisəli təhlilindən göründüyü kimi, cinayət prosessual qanununun hazırlanması zamanı qanunverici aşağıdakıları zəruri hesab etmişdir:
a) CPM-in müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsin-də aradan qaldırılması mümkün olmayan şübhələrin, eləcə də cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrin təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməsinə dair göstərişləri baxılan kateqoriyanın məzmununa daxil etmək; b) təqsirsizlik prezumpsiyasının qüvvəsinin yalnız təqsirləndirilən şəxsə deyil, həm də şübhəli şəxsə şamil olunmasını qeyd etmək (CPM-in 21.2-ci maddəsi); c) ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qanunun pozulması ilə əldə olunmuş sübutlardan isti-fadə edilə bilməməsinə dair müddəaları təqsirsizlik prezumpsiyasının məzmununda xatırlatmamaq.
Bəzi müəlliflər (ABŞ-dan C.Kollins, Rusiyadan P.S.Yefimiçev) belə bir mövqeyi müdafiə edirlər ki, təqsirləndirilən şəxsi təqsirsiz hesab etmək olmaz, çünki onda təqsirsiz hesab olunan şəxs həbs edilmiş olardı ki, bu da insan hüquqları haqqında bütün ümumtanınmış normalara ziddir. Fikrimizcə, bu mövqeyin praktikada reallaşması cinayət mühakimə icraatında şəxsiyyətin hüquq və qanuni mənafelərinin təmin edilməsinə bilavasitə təhlükə yaradar. Prosessual məcburiyyət tədbirlərinin tətbiqi ona görə lazımdır ki, sübutetmə prosesini təmin etsin, barəsində məcburiyyət tədbirləri tətbiq edilən şəxsin cinayətin törədilməsində təqsirli olub-olmaması müəyyən edilsin.
Cinayətin törədilməsində təqsiri və prosessual məcburiyyət tədbirlərinin tətbiqi üçün əsas olan cinayət-prosessual hüquq pozuntularındakı təqsiri dəqiq fərqləndirmək lazımdır.
İbtidai araşdırmanın sonuna qədər cinayət təqibini həyata keçirən subyektlər şəxsin cinayətin törədilmə-sində təqsirli olması barədə nəticə çıxarmamalıdır. İttiham irəli sürülməsi üçün əsas cinayətin törədilməsində konkret şəxsin təqsiri deyil, onun təqsirini təsdiq edən sübutlardır və bunlar eynimənalı anlayışlar deyildir. Təqsirləndirilən şəxsi təqsirli şəxslə eyniləşdirmək yolverilməzdir. Digər yanaşma ibtidai araşdırmanın sonu-na qədər müstəntiqin, cinayət təqibinin digər subyektlərinin bilə-bilə təqsirləndirilən şəxsi cinayətin törədil-məsində təqsirli hesab etmələri labüd olaraq ittiham meylinə gətirib çıxarır.
Dissertasiyada göstərilən hüquqların ətraflı təhlili verilir və onların hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi üzrə təkliflər əsaslandırılır.
Materialın tam mətnini yükləyə bilərsiniz avtoreferat.doc [ b] (yüklənib: 31)

Oxunub: 1012 dəfə | Tarix: 3-12-2009, 15:02 | Kateqoriya:Kitabxana » Məqalələr